QafqazNews Kommersant-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Lauren Biss İsrail qəzeti The Jerusalem Post-a müsahibəsində İranın ABŞ ərazisinə hücum hazırlığı barədə etibarlı məlumat olmadığını bildirib.

Biss Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi daxil olmaqla müvafiq qurumların diqqətdə olduğunu, bütün mümkün təhdidlərin izlənildiyini, lakin hazırda ABŞ ərazisinə yönələn etibarlı və əsaslı təhdidlərin mövcud olmadığını qeyd edib.

Bissin bəyanatı CNN-in İrana istinadən ABŞ-a “çirkli bomba” atılması ilə bağlı xəbərlərindən sonra səslənib. Məqalədə “çirkli bomba”nun nüvə partlayışı olmayan, radioaktiv maddələrin yayılmasını nəzərdə tutan partlayıcı qurğu olduğu, belə silahın tətbiqinin əhalinin köçürülməsi, ərazilərin dezaktivasiya edilməsi və uzunmüddətli sağlamlıq zərərlərinə səbəb ola biləcəyi vurğulanır.

CNN mənbələrinin iddiasına görə, Amerika kəşfiyyatı İrandan Donald Tramp administrasiyasının Vaşinqtondakı nümayəndələrinə qarşı mümkün hücum hazırlığına dair məlumat alıb. Həmin mənbələr bildiriblər ki, Tehran eskalasiyanın davamı halında belə bir ssenarini – “çirkli bomba” istifadəsini nəzərdən keçirə bilər.

Bununla belə, ABŞ kəşfiyyat dairələrində İranda belə bir planı reallaşdırmaq üçün zəruri imkanlar və texniki mütəxəssislərin olub-olmaması barədə yekdil əminlik yoxdur.