QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ləğv olunan “AGBank” ASC-yə məxsus Bakıda yerləşən iki daşınmaz əmlak dekabrın 2-də hərraca çıxarılacaq. Obyektlər üçün ümumilikdə 7 milyon 250 min manat ilkin qiymət müəyyən edilib.

Əmlaklardan biri Yasamal rayonunda, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanındadır. 0,098730 hektar sahədə yerləşən təmirli qeyri-yaşayış binasının ümumi sahəsi 965 kvadratmetrdir. Bu əmlakın satışına 6 milyon 500 min manatdan başlanacaq.

Digər obyekt Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 381-ci məhəllə, ev 71 ünvanında yerləşir. 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolunda olan təmirli qeyri-yaşayış sahəsi 230,20 kvadratmetrdir. Onun ilkin qiyməti 750 min manatdır.

“AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayev olub. Səhmdarlar sırasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), “Kazimir Partners” şirkəti, Fərzulla Yusifov və Qriqori Marçenko da yer alıb.

Mərkəzi Bank 12 may 2020-ci ildə “AGBank”ın lisenziyasını ləğv edib. Həmin vaxt qurum bankın kapitalının tamamilə itirildiyini və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyini açıqlayıb. Aprelin sonuna bankın kredit portfelinin 51 faizi qeyri-işlək olub. Ehtiyatlara düzəlişlərdən sonra məcmu kapital mənfi 167 milyon manat təşkil edib, kapitalın bərpası üçün isə əlavə 212 milyon manat tələb olunub.

Bakı Apellyasiya Məhkəməsi 14 may 2020-ci il tarixli qərarı ilə bankı müflis elan edərək iflas proseduruna başlayıb. Əmanətlərin Sığortalanması Fondu “AGBank”ın ləğvedicisi təyin edilib.