QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ağdamda noyabrın 20-də ilk dəfə Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir. Yenidən qurulan və sakinlərinin mərhələli qayıdışı təmin edilən şəhərdə bayram tədbirləri təşkil olunub.
Ağdam rayonu 2020-ci il noyabrın 20-də, 44 günlük Vətən müharibəsinin başa çatması ilə nəticələnən proses çərçivəsində noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə şəhərin işğaldan azad olunduğu gün — noyabrın 20-si Ağdam Şəhəri Günü elan edilib.
Mədəniyyət Nazirliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi tədbirlər sırasında “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu da yer alıb.
Proqramda hərbi orkestr Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi parçaları ifa edib, rəqs ansamblı çıxış edib. Süvarilərin Qarabağ atları üzərində nümayiş etdirdiyi nümunəvi çıxışlar da tamaşaçıların marağına səbəb olub.