QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur. Ağdamın işğaldan azad edilərək Azərbaycana qaytarılmasından altı il keçir.
Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə nəticəsində şəhər döyüş aparılmadan azad edilib. 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı kəndlər bir-bir azad edilib, hər yaşayış məntəqəsi növbəti istiqamətdə irəliləmək üçün strateji mövqeyə çevrilib.
Ağdamın ərazisinin minalanması, Ermənistan qoşunlarının əsas qüvvələrinin bu istiqamətdə yerləşdirilməsi və burada güclü istehkamların qurulması səbəbindən Azərbaycan Ordusu həmin istiqamətdə genişmiqyaslı döyüş əməliyyatları aparmayıb. Silahlı Qüvvələrin digər istiqamətlərdəki uğurlu əməliyyatları Ağdamdakı düşmən qüvvələrini yarımmühasirəyə salıb.
Ermənistanın hərbi-siyasi rəhbərliyi canlı qüvvə və texnika baxımından ağır itkilər verdiyini, Azərbaycan Ordusunun qarşısında dayanmağın mümkünsüzlüyünü anlayaraq kapitulyasiya aktını imzalamağa məcbur olub.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Ağdam rayonu həmin ayın 20-də Azərbaycana qaytarılıb. Beləliklə, 27 il işğal altında qalan şəhər azad edilib, Azərbaycan Ordusunun bölmələri rayona daxil olaraq orada dövlət bayrağını ucaldıb.
Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, Ağdam Şəhəri Günü hər il noyabrın 20-də təntənəli şəkildə keçirilir.
Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələrinin nəzarətinə keçmişdi. Qarabağın mərkəzində yerləşən rayonun 846,8 kvadratkilometr ərazisi, yəni 77,4 faizi, bir şəhəri və 80 kəndi işğal olunmuşdu. Həmin ərazidə 38 kolxoz-sovxozdan 26-sı, 129 səhiyyə obyektindən 105-i, 108 məktəbdən 74-ü, 271 mədəniyyət evindən 199-u, eləcə də 24 tikinti təşkilatı və 67 idarə-müəssisə qalmışdı. Rayondakı 17 məsciddən 14-ü də işğal altında idi.
İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri ilə yanaşı, bütün tikililər dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam döyüşlərdə 6 000 şəhid verib; onların 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.