QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, beynin emosiyaların işlənməsində iştirak edən amigdala bölgəsindəki neyronlar hansı görüntülərin uzunmüddətli yaddaşda qalacağını müəyyənləşdirməyə yardım edə bilər. Araşdırmaya görə, bu mexanizm təkcə qorxu və güclü hisslərlə deyil, gündəlik təsvirlərlə də əlaqəlidir.
Tədqiqat ABŞ-ın Sedars-Sinay Sağlamlıq Elmləri Universitetinin alimləri tərəfindən aparılıb. Nəticələr “Nature Neuroscience” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, amigdalanın bəzi neyronları üzlərə, heyvanlara və mənzərələrə müxtəlif cür reaksiya verir. Konkret bir görüntüyə neyronların cavabı güclü olduqca, iştirakçıların həmin şəkli daha sonra xatırlamaq ehtimalı da yüksəlib.
Araşdırmada epilepsiya tutmalarını izləmək üçün beyninə elektrod yerləşdirilmiş 112 pasiyentin məlumatları təhlil olunub. Onlara tanımadıqları şəkillər göstərilib, beyin hüceyrələrinin fəaliyyəti qeydə alınıb. Daha sonra iştirakçılardan gördüklərini yada salmaları istənilib.
Nəticələr amigdalanın müəyyən neyronlarının aktivliyinin hansı görüntülərin yadda qalacağını əvvəlcədən göstərə bildiyini ortaya qoyub. Tədqiqatçılar əldə olunan nəticələri iki ayrıca məlumat bazasında da yoxlayaraq təsdiqləyiblər.
Alimlərin fikrincə, tapıntı Alzheimer xəstəliyi və temporal pay epilepsiyası kimi yaddaş problemlərinin araşdırılmasına yeni imkanlar yarada bilər. Gələcəkdə amigdalanın fəaliyyətinə təsir edən müalicə yanaşmalarının hazırlanması da tədqiq oluna bilər.
Bununla yanaşı, neyron aktivliyini dəyişməklə yaddaşın yaxşılaşdırılmasının mümkünlüyü hələ müəyyən edilməyib. Növbəti araşdırmalarda eyni mexanizmin səslərin və qoxuların yadda saxlanmasına təsiri öyrəniləcək.