QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova dərsliklərin qiymətləndirilməsində ictimaiyyətin və mütəxəssislərin iştirakını təmin edəcək ekspertiza komissiyasının yaradılmasını təklif edib.
Akimovanın sözlərinə görə, dərsliklərin hazırlanmasına milyonlarla manat ayrılsa da, qüsurlu və səthi mətnlərin ortaya çıxması bu sahədə nəzarətin yetərli olmadığını göstərir. O bildirib ki, ayrılan vəsaitlər daha səmərəli və məqsədyönlü şəkildə xərclənməlidir.
Deputat parlamentdə Elm və Təhsil Nazirliyinin, eləcə də aidiyyəti qurumların iştirakı ilə müntəzəm ictimai dinləmələr təşkil etməyi təklif edib. Bu görüşlərdə mövcud irad və təkliflərin müzakirəsi, həmçinin birgə həll yollarının müəyyənləşdirilməsi nəzərdə tutulur.
O, dərsliklərin hazırlanması və çapına ayrılan büdcə pullarının istifadəsi barədə komitəyə ətraflı, şəffaf hesabat təqdim olunmasını da təklif edib.
Akimova ekspert komissiyasının dərsliklərin məzmun keyfiyyətinə nəzarəti gücləndirməli, tanınmış alimlərin, mütəxəssislərin, ziyalıların və ictimaiyyətin qiymətləndirmə prosesində real iştirakına şərait yaratmalı olduğunu vurğulayıb.
Deputatın fikrincə, parlamentin vəzifəsi yalnız büdcəni rəqəmlər əsasında təsdiqləməklə bitmir. Dövlət vəsaitinin hansı istiqamətlərə və necə xərcləndiyinə, xüsusən də uşaqların təhsilinin keyfiyyətinə və milli ruhuna nə dərəcədə xidmət etdiyinə nəzarət də vacibdir.