QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində Abşeron rayonunda şəhidlərin xatirəsinə silsilə tədbirlər təşkil olunub.
Vətən müharibəsində həlak olan abşeronlu döyüşçülərin xatirəsini yad etmək, onların qəhrəmanlığını və vətənpərvərlik ruhunu yaşatmaq, həmçinin ailələrinə diqqət göstərmək məqsədilə anım günləri keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, qurumun əməkdaşları, şəhid ailələri və qazilər şəhidlərin məzarlarını ziyarət edib, onların evlərinə baş çəkiblər.
Anım tədbirləri Vətən Müharibəsi qəhrəmanları Elyar Vəliyev və Vüqar Ağayevin, eləcə də Rəhim Hüseynov, İlqar Vəliyev, Rəşad Mehdiyev, Səxavət Abbasov, Ruhud Xəlilov, Anar İsgəndərov, Mənsur Əhmədov, Rüstəm Turabov, Afiq Qulamlı, İlkin Xosrovzadə, Fərid Məmmədov, Elsevər Paşayev, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Mirlətif Ağayev, Şəhriyar Hacıyev, Nemət Abbasov, Əlibəy Feyruzlu, Fərrux Abbasov, Eltac Əlizadə, Allahverdi Tağıyev, Anar Əliyev, Cilingir Nəbiyev, Zeynal Zülfüqarlı, Bəhruz Əhmədov, Baba Qasımov, Pərviz Həsənov, Fuad Həşimov, İmaməli Hüseynov, Samir Muradov, Ziyəddin Rəşidov, Qadir Heydərov və Əmrah Bayramovun anım günlərində keçirilib. Seymur Bədəlov, Nicat Qarazadə və Tural Rəhimlinin doğum günlərində də məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla anılıb və ruhlarına dualar edilib. Səxavət Abbasovun anası Mayisə Abbasova, Nicat Qarazadənin anası Nuridə Abbasova və Elşad Həsənovun övladı Səid Həsənovun doğum günləri münasibətilə təbrik edilib.
Görüşlərdə Abdin Fərzəliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi 30 illik Vətən həsrətinə son qoyub. Onun sözlərinə görə, “dəmir yumruq” ətrafında birləşən Azərbaycan əsgərlərinin şücaəti düşməni kapitulyasiya aktını imzalamağa məcbur edib. Qeyd olunub ki, azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam edir, sakinlər doğma yurdlarına qayıdır və Qarabağda həyat canlanır.
Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğını daim hiss etdiklərini bildirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.
Abşeronun Qobu qəsəbəsində yaşayan Aprel şəhidi Əli Heydərovun atası İntiqam Heydərov da dəfn edilib. Mərasimdə Abdin Fərzəliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İntiqam Heydərov Qobu qəbiristanlığında torpağa tapşırılıb, mərhumun ruhuna dualar oxunub. Daha sonra Əli Heydərovun məzarı ziyarət edilib və onun döyüş yolundan bəhs olunub.
Abdin Fərzəliyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovaya xəstəxanada baş çəkiblər. Səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilən və müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam edən Həşimovanın vəziyyəti ilə maraqlanıb, ona şəfa arzulayıblar.