QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Apple istifadəçilərin əvəzinə müxtəlif işləri icra edə biləcək avtonom süni intellekt agenti hazırlayır. Bu layihə şirkətin OpenAI, Anthropic və Meta ilə eyni bazarda rəqabət aparmaq planının bir hissəsidir.

Layihəyə rəhbərlik edəcək baş mühəndislik meneceri üçün işə qəbul prosesi başlanıb. Vakansiya məlumatında sistemin istifadəçi adından kod yaza, internetdə məlumat axtara, tətbiqləri idarə edə və cihazlarda müxtəlif əməliyyatlar həyata keçirə biləcəyi bildirilir.

Agentin əməliyyat sistemlərinin interfeysində müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. Apple, həmçinin texnologiyanın hazırlanmasında məxfilik və təhlükəsizlik məsələlərinə xüsusi önəm verir.

Şirkət istifadəçi adından əməliyyatlar aparan sistemin güclü icazə mexanizmləri və aydın təhlükəsizlik qaydaları ilə işləməli olduğunu vurğulayıb.