QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Hyundai 2027-ci il Elantra sedanının texniki göstəricilərini açıqlayıb. Yeni model yenilənmiş görünüş, təkmilləşdirilmiş texnologiyalar və 2028-ci ildə satışa çıxarılması nəzərdə tutulan hibrid versiya ilə təqdim ediləcək.

Elantra-nın xarici dizaynında iti xətlər, bucaqlı işıq elementləri və futuristik detallar yer alıb. ABŞ bazarı üçün hazırlanmış variantın görünüşünün qlobal modeldən, demək olar ki, fərqlənmədiyi qeyd olunur.

Yeni avtomobilin ölçüləri əvvəlki nəsillə müqayisədə böyüyüb. Təkər bazası 1,2 düym, başqa sözlə, təxminən 3 santimetr artırılıb. Bunun arxa sırada əyləşən sərnişinlər üçün ayaq məsafəsini genişləndirəcəyi bildirilir.

2027-ci model ilində satışa başlanacaq standart versiyada 147 at gücünə malik, 2,0 litrlik dörd silindrli mühərrik olacaq. Mühərrik fasiləsiz dəyişən avtomatik transmissiya ilə işləyəcək.

Ötən nəsildə daha güclü turbomühərriklə təklif olunan N Line modifikasiyasının yeni nəsildə olub-olmayacağı hələ təsdiqlənməyib. Performans yönümlü Elantra N versiyasının isə sonradan model xəttinə əlavə ediləcəyi ehtimal edilir.

2028-ci ildə təqdim olunması planlaşdırılan Elantra Hybrid 1,6 litrlik benzin mühərriki və elektrik mühərriklərindən ibarət sistemlə təchiz ediləcək. Aqreqatların ümumi gücü 155 at gücüdür. Bu, əvvəlki hibrid modeldən 16 at gücü çoxdur.

Hyundai hibridin qarışıq sürüş rejimində 53 mpg, yəni 100 kilometrə təxminən 4,4 litr yanacaq sərf edəcəyini gözləyir. Bu rəqəm əvvəlki modelin ən qənaətcil variantının göstəricisindən 1 mpg aşağıdır. Hibrid versiyada çoxqollu arxa asqı, standart modeldə isə burulma tirli asqı nəzərdə tutulub.

Salonun yenilikləri arasında mərkəzi konsolda standart quraşdırılan 12,9 düymlük sensor ekran var. Ön şüşənin aşağısına yaxın yerləşdirilən nazik rəqəmsal cihazlar paneli isə seçim olaraq təklif ediləcək.

Yeni avtomobildə Hyundai-nin Pleos Connect multimedia sistemi istifadə olunacaq. Sistemin təbii danışıq dilindəki səsli əmrləri daha dəqiq tanıdığı bildirilir. Əlavə seçimlərə iki simsiz enerji doldurma paneli və Bang & Olufsen səs sistemi daxildir.

2027-ci il Elantra SE, SEL Sport və Limited komplektasiyalarında satışa çıxarılacaq. Hibrid modelin baza variantı SE Blue olacaq.

Hyundai qiymət barədə hələ məlumat verməyib. İlkin proqnozlara əsasən, standart modelin ABŞ-da başlanğıc qiyməti təxminən 25 min dollar təşkil edə bilər. Hibrid versiyanın qiymətinin isə bir neçə min dollar yüksək olacağı gözlənilir.