QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) iki il ərzində 36 pillə irəliləməsi rəqəmsal inkişafa yönələn dövlət siyasəti, hüquqi-institusional islahatlar və sərmayələrlə bağlıdır.
Bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsində rəqəmsal hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda keçirilən təqdimatda Azərbaycanın nəticələri barədə suala cavab verərkən bildirib.
2026-cı il EHİİ hesabatına görə, Azərbaycan 2024-cü ildəki 74-cü yerdən 38-ci pilləyə qalxıb. İndeksdə ölkənin ümumi göstəricisi 0,8847 olub. Bu nəticə 2024-cü ildə qeydə alınmış 0,7607 balla müqayisədə 16,3 faiz artım deməkdir.
Akvaronun sözlərinə görə, Azərbaycan 2024-2026-cı illərdə mühüm irəliləyiş göstərən ölkələr sırasındadır. O, 74-cü yerdən 38-ci yerə yüksəlişi “həqiqətən də təsiredici sıçrayış” kimi qiymətləndirib.
BMT rəsmisi nəticəyə bir neçə amilin təsir etdiyini deyib. O, ölkə rəhbərliyinin siyasi iradəsini, inkişafı dəstəkləyən normativ-hüquqi bazanı, kadr potensialını, siyasət və strategiyanı, eləcə də bu sahəyə ayrılan investisiyaları qeyd edib. Akvaro Azərbaycanın bu istiqamətə əhəmiyyətli vəsait yatırdığını vurğulayıb.
O, Azərbaycanın təcrübəsinin regiondakı və dünyanın digər ölkələri üçün qabaqcıl nümunə ola biləcəyinə əminliyini də ifadə edib.
Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib, bu sahədə qəbul olunan strateji sənədlər isə islahatların institusional əsaslarını gücləndirib.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Rəqəmsal İnkişaf Konsepsiyası və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” da bu istiqamətdə qəbul olunan sənədlər sırasındadır.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, qərarların uzlaşdırılması və strateji təşəbbüslərin icrası ilə məşğuldur.
İslahatlar rəqəmsal xidmətlərlə məhdudlaşmır. Məlumat infrastrukturu, süni intellekt, kibertəhlükəsizlik və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması da bu tədbirlərin əhatə dairəsinə daxildir.