QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Android telefonun ləngiməsi mütləq cihazın köhnəldiyi və yenisi ilə əvəz olunmalı olduğu anlamına gəlmir. Bir sıra sadə addımlar smartfonun daha sürətli işləməsinə kömək edə bilər.
Almaniyanın “Computer Bild” nəşrində dərc olunan məqalədə telefonun işini yaxşılaşdırmaq üçün bir neçə üsul göstərilib. Tövsiyələrdən biri tətbiqlərin keşini təmizləməkdir. Proqramların daha tez açılmasına xidmət edən müvəqqəti fayllar zaman keçdikcə yaddaşda xeyli yer tuta bilər.
Android sistemini, tətbiqləri və Google Play sistem komponentlərini yeniləmək də məsləhət görülür. Mütəxəssisin tövsiyələri arasında telefonu vaxtaşırı yenidən başlatmaq və istifadə olunmayan proqramları silmək də var.
Yaddaşda yer boşaltmaq üçün əvvəlki yükləmələri, eləcə də ehtiyac olmayan foto və videoları silmək mümkündür. Ekranlar arasında keçiddə ləngimə müşahidə edilirsə, tərtibatçı parametrlərində animasiyaların səviyyəsini azaltmaq olar. Bu dəyişiklik interfeysin daha çevik işlədiyi hissini yaradır, lakin prosessorun faktiki gücünü yüksəltmir.
Bu tədbirlərə baxmayaraq telefonun işi dəyişmirsə, ləngimə batareyanın köhnəlməsi və ya cihazın texniki imkanlarının məhdudluğu ilə əlaqəli ola bilər. Problemin aradan qaldırılması onun səbəbindən asılıdır; bəzi hallarda yaddaşın boşaldılması və proqramların yenilənməsi nəticəni nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər.