QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, natrium-ion batareyalar litium-ion texnologiyasına alternativ kimi inkişaf etsə də, enerji sıxlığı və istehsal imkanları baxımından hələlik ondan geri qalır. Bununla yanaşı, xammalın bolluğu və soyuq şəraitdə işləmə qabiliyyəti bu batareyalara marağı artırır.
Hər iki texnologiyada enerji mənfi və müsbət elektrodlar arasında ionların hərəkəti ilə saxlanılır və ötürülür. Litium-ion batareyalarda litium, natrium-ion batareyalarda isə natrium ionları bu prosesi təmin edir.
Natrium batareyalarının enerji sıxlığı kiloqram başına təxminən 175 vatt-saatdır. Bu, litium-ion batareyaların göstəricisindən 20-30 faiz aşağıdır. Müqayisə üçün, litium-dəmir-fosfat batareyalarda enerji sıxlığı 205, nikel-manqan-kobalt növündə isə 255 vatt-saat təşkil edir. Natrium ionlarının litium ionlarından böyük və ağır olması eyni enerjini toplamaq üçün daha artıq həcm və çəki tələb edir.
Natrium texnologiyasının əsas üstünlüklərindən biri bu elementin təbiətdə litiumdan daha geniş yayılmasıdır. Bu xüsusiyyət gələcəkdə xammal tədarükünü asanlaşdıra və istehsal xərclərini azaltmağa kömək edə bilər.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, natrium-ion batareyalar mənfi 40 dərəcədə tutumunun təxminən 90 faizini qoruyur. Litium-ion batareyalar həmin temperaturda daha çox məhsuldarlıq itkisi ilə üzləşir. Natrium texnologiyasında nəzarətsiz qızma və termal qaçış ehtimalı da aşağı ola bilər. Buna görə bəzi konstruksiyalarda əlavə soyutma və qoruyucu sistemlərə ehtiyac azalır.
Natrium-ion batareyaların yayılmasını ləngidən amillərdən biri istehsal infrastrukturunun yetərincə formalaşmamasıdır. Litium batareyalar uzun illər ərzində qurulmuş istehsal gücünə və təchizat zəncirinə sahibdir, natrium texnologiyasında isə kütləvi istehsal hələ eyni səviyyədə deyil.
CATL, General Motors, Peak Energy və HiNa Battery Technology bu sahədə investisiyalarını və araşdırmalarını davam etdirir. Natrium-ion batareyalardan elektrik avtomobillərində, məlumat mərkəzlərinin enerji təminatında və sabit enerji saxlama sistemlərində istifadə olunur.
Mütəxəssislər yaxın dövrdə natrium-ion batareyaların litium texnologiyasını bütövlükdə əvəzləməsini gözləmirlər. Əvəzində, iki növ batareyanın yanaşı tətbiqi ehtimal olunur. Yüksək enerji sıxlığı tələb edən avtomobillərdə litium texnologiyasının mövqeyi qorunacaq, natrium batareyalar isə sərt iqlimdə, enerji saxlama qurğularında və xammal əlçatanlığının önəmli olduğu sahələrdə daha çox istifadə edilə bilər.