QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Çində avtonom nəqliyyat vasitələri və dronlarla çatdırılma xidmətləri gündəlik həyatın bir hissəsinə çevrilib.

Bu barədə Euronews jurnalisti Denis Loktevinin CGTN ilə əməkdaşlıq çərçivəsində hazırladığı reportajda məlumat verilib. Quançjou və Şençjendə sürücüsüz taksilər artıq yalnız sınaqlar üçün ayrılmış ərazilərdə deyil, insanların sıx olduğu şəhər rayonlarında da kommersiya məqsədilə fəaliyyət göstərir.

Sərnişin mobil tətbiqdən avtomobil sifariş edir. Robotaksi göstərilən ünvana gəldikdən sonra müştəri minir, tətbiqdə gedəcəyi yeri təsdiqləyir və avtomobil onu təyinat nöqtəsinə aparır.

Reportajda pilotsuz uçuş aparatlarının çatdırılma işlərində istifadəsinə də yer verilib. Dronlarla qəhvə, dərman və defibrilyator kimi tibbi ləvazimatlar, həmçinin ucqar kəndlərə və adalara müxtəlif yüklər daşınır.

Şençjendə dronlar şəhər parkındakı köşkə qəhvə çatdırır. “LowAlt Technologies” dərman və defibrilyatorların hava yolu ilə daşınmasını sınaqdan keçirir. “Mengtai Aerolink” isə ucqar kəndlər və adalar üçün dronla yükdaşıma xidməti göstərir.

“WeRide” şirkətinin vitse-prezidenti Li Yifan bildirib ki, Çinin avtomobil və elektromobil istehsalında dünya liderliyi avtonom sürücülük texnologiyalarının geniş tətbiqi üçün möhkəm texniki baza formalaşdırır.

Texnologiya şirkətlərinin qarşıdakı əsas hədəfi avtonom nəqliyyat vasitələrinin genişmiqyaslı tətbiqini təmin etməkdir.