QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 179 ölkədə internet vasitəsilə siyasi məlumatlara çıxışın hansı səviyyədə məhdudlaşdırıldığı araşdırılıb.
İsveçin “V-Dem” İnstitutunun Rəqəmsal Cəmiyyət Layihəsi hökumətlərin onlayn siyasi informasiyaya qoyduğu məhdudiyyətləri qiymətləndirib. Nəticələrə əsasən, internet senzurasının ən yüksək olduğu ölkə Şimali Koreyadır. Mənfi 3,74 balla bu ölkə siyahıda 179-cu yerdə göstərilib.
Ən çox məhdudiyyət tətbiq edən ilk beş ölkə sırasına Şimali Koreyadan sonra Efiopiya (-3,26), Əlcəzair (-3,23), Səudiyyə Ərəbistanı (-3,21) və Birləşmiş Ərəb Əmirlikləri (-3,21) daxil olub. Türkmənistan 6-cı (-3,09), Çin 7-ci (-2,82), Nikaraqua 8-ci (-2,78), Vyetnam 9-cu (-2,71), Eritreya isə 10-cu (-2,69) yeri tutub.
Azərbaycan mənfi 1,52 balla araşdırmaya daxil edilən 179 dövlət arasında 28-ci olub.
Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşuları arasında ən aşağı nəticə Türkmənistana aiddir. İran mənfi 2,66 balla 11-ci, Belarus mənfi 2,50 balla 12-ci, Tacikistan mənfi 2,14 balla 18-ci, Rusiya isə mənfi 2 balla 19-cu sırada yer alıb.
Qonşu dövlətlər içərisində internetə ən az senzura tətbiq edən Ermənistan (+1,28) olub. Bu göstərici ilə Ermənistan Fransa (+1,25), Yunanıstan (+1,18), Kanada (+1,07) və Almaniyanı (+0,52) geridə qoyub.
Ümumilikdə internet senzurasının ən aşağı olduğu ölkələr Belçika (+2,70), Litva (+2,56), Lüksemburq (+2,55), Norveç (+2,50) və İsveçrə (+2,48) kimi sıralanıb.
Keçmiş SSRİ və qonşu ölkələrin araşdırmadakı yerləri belədir: Türkmənistan 6-cı (-3,09), İran 11-ci (-2,66), Belarus 12-ci (-2,50), Tacikistan 18-ci (-2,14), Rusiya 19-cu (-2,00), Türkiyə 20-ci (-1,98), Azərbaycan 28-ci (-1,52), Qazaxıstan 32-ci (-1,45), Özbəkistan 33-cü (-1,39), Qırğızıstan 45-ci (-0,89), Moldova 57-ci (-0,51), Ukrayna 60-cı (-0,35), Gürcüstan 72-ci (+0,12), Ermənistan 119-cu (+1,28), Estoniya 164-cü (+2,28), Latviya 169-cu (+2,34), Litva isə 178-ci (+2,56) yerdədir.
Araşdırmada ballar faiz kimi hesablanmayıb, ekspertlərin qiymətləndirmələrinə əsaslanıb. Nəticə nə qədər aşağıdırsa, hökumətin internetdə siyasi məzmuna çıxışı bir o qədər çox məhdudlaşdırdığı qəbul edilir. Müsbət göstəricilər isə siyasi informasiyanın daha əlçatan olduğunu bildirir.