QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-nin Ohayo Dövlət Universiteti və Çinin Zhejiang Laboratory tədqiqatçıları qoxuları internet vasitəsilə ötürməyə imkan verən süni intellekt əsaslı “Scentronic” sistemi hazırlayıblar. Texnologiya qoxunu rəqəmsal məlumat şəklinə salır və başqa məkandakı qurğuya göndərir.

Sistem elektron burunla ətrafdakı qoxuları aşkar edib təhlil edir, sonra nəticələri digər cihazlara ötürür. Məlumatı qəbul edən qurğu əvvəlcədən hazırlanmış qoxu komponentlərini birləşdirərək xüsusi mexanizmlə havaya püskürdür.

Tədqiqatçılar sistemi qəhvə, pivə, qırmızı şərab, keks və portağal qoxuları ilə yoxlayıblar. 14 nəfərin qatıldığı sınaqlarda iştirakçılar tək qoxuları təxminən 73 faiz, iki qoxunun birgə ötürüldüyü nümunələri isə 71 faiz dəqiqliklə müəyyən ediblər.

Qoxu sensorlarından gələn siqnallara sistem təxminən 0,6 saniyəyə cavab verir. Tədqiqat qrupu texnologiyanın biləklik və boyunbağı kimi daşınan cihazlarda istifadəsini də araşdırır.

Komanda, həmçinin virtual reallıq eynəkləri ilə işləyə biləcək xüsusi stəkan prototipi hazırlayıb. Qurğu qoxu və ətirli maye təqdim edə bilir; bunun virtual mühitdə seçilən içkinin qoxu və dadını real şəraitdə hiss etməyə şərait yarada biləcəyi bildirilir.

Sistem qoxu molekullarını internetlə göndərmir: qoxu rəqəmsal məlumat kimi ötürülür, qəbul edən tərəfdə isə əvvəlcədən müəyyən olunmuş komponentlərlə ona bənzər qoxu yaradılır. Bu səbəbdən texnologiya hələlik bütün qoxuları tam dəqiqliklə təkrarlaya bilmir.

Gələcəkdə sistemin onlayn parfüm sınaqlarında, virtual reallıqda, eləcə də uzaq məsafədən yemək və içki qoxularının ötürülməsində tətbiqi nəzərdə tutulur.

Araşdırmanın nəticələri 22 oktyabr 2026-cı ildə “Science Advances” jurnalında “Scentronic: An artificial intelligence-assisted olfactory interface for remote odor sharing and transmission” adı ilə dərc edilib.