QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Visa, Mastercard və ABŞ-nin JPMorgan Chase bankının müştərilərinə aid bəzi məlumatlar qaranlıq internetdə paylaşılıb.
Məlumatların hakerlər tərəfindən ələ keçirilməsinə üçüncü tərəf xidmət təminatçısının sistemlərinə müdaxilə səbəb olub. Haker qrupu faylları yaymamaq üçün şirkətlərdən 48 saat ərzində fidyə tələb edib. Ödəniş edilmədikdən sonra oğurlanmış materiallar internetdə yerləşdirilib.
Şirkətlər noyabrın 20-də kiberhücumun baş verdiyini təsdiqləyib. Onların açıqlamalarında müştərilərin maliyyə məlumatlarının oğurlanmadığı bildirilib.
JPMorgan Chase qeyd edib ki, hücum bankla işləyən üçüncü tərəf şirkətlərinə yönəlib. İlkin araşdırma göstərib ki, hakerlər həmin şirkətlərin sistemlərində olan bəzi marketinq məlumatlarını, o cümlədən müştərilərin adlarını və elektron poçt ünvanlarını əldə etmiş ola bilərlər.
Bankın məlumatına görə, insident onun xidmətlərinin işinə təsir etməyib və həftənin əvvəlində müştərilərin rastlaşdığı texniki çətinliklərlə bağlı deyil.
Visa hücum barədə iddialardan xəbərdar olduğunu, hadisənin Asiya-Sakit okean regionunda fəaliyyət göstərən xidmət təminatçısı ilə əlaqəli olduğunu açıqlayıb. Şirkət öz sistemlərinin sındırılmadığını, kart nömrələri və digər ödəniş məlumatlarının təsirə məruz qalmadığını vurğulayıb.
Mastercard isə müəyyən güzəşt proqramında iştirak edən kart sahiblərinin ödənişlə əlaqəsi olmayan məhdud sayda məlumatının yayıldığını təsdiqləyib. Şirkət zərər çəkmiş müştərilərə yardım göstərmək üçün xidmət təminatçısı ilə işlədiyini bildirib.
Kibertəhlükəsizlik şirkəti SOCRadar-ın AFP-yə açıqlamasına görə, hücuma n0n adlı haker qrupu görə məsuliyyəti üzərinə götürüb və iddiasını dəstəkləmək üçün bəzi sənədlər yayıb. SOCRadar həmin faylların həqiqiliyini müstəqil qaydada təsdiqləmədiyini qeyd edib.
SOCRadar-ın məlumatında Rusiyadan qaynaqlandığı deyilən qrupun 2026-cı ilin sentyabrında ortaya çıxdığı bildirilir. Hakerlər bu günədək dünyanın müxtəlif ölkələrində təxminən 200 şirkətə hücum etdiklərini iddia edirlər.