QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP31 sammiti üçün xüsusi bəstə hazırlayıb.

“One Home” (“Bir yuva”) adlanan mahnı iqlimin və ətraf mühitin qorunmasının vacibliyinə dair COP31 mesajlarını musiqi vasitəsilə beynəlxalq auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Əsəri sosial şəbəkədə paylaşan COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ifaçıya təşəkkürünü bildirib. O, mahnıda bir dünya, bir yuva, bir səma və ortaq ümid düşüncəsinin yer aldığını, bunun qlobal iqlim diplomatiyasına töhfə verəcəyini vurğulayıb.

“Bir dünya, bir yuva, bir səma, bir ümid, bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq”, – deyə Murat Kurum qeyd edib.

“One Home”da təbiətin, meşələrin və okeanların qorunması, habelə gələcək nəsillər qarşısında ekoloji məsuliyyət mövzuları qabardılır. Mahnının COP31 çərçivəsində ətraf mühitin mühafizəsinə dair mesajların daha geniş beynəlxalq auditoriyaya çatmasına xidmət edəcəyi gözlənilir.