QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Zəfər Gününə həsr olunan təntənəli konsert proqramı təqdim edib.

Mustafa Mehmandarovun dirijorluq etdiyi gecədə teatrın simfonik orkestri, solistləri, xoru və balet truppası səhnəyə çıxıb.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Məhəmməd Şəmmədov bəstəkarın “Sevgili canan” əsərini, Səma Həmzəyeva Asəf Zeynallının “Ölkəm” romansını, Xəyal Hüseynov Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni ifa edib. Xalq artisti Mənsum İbrahimov isə Bəhram Nəsibovun “Qarabağ” mahnısını səsləndirib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” orkestr və balet truppasının birgə ifasında təqdim olunub. Teatrın xoru Cavanşir Quliyevin “Əsgər marşı”nı ifa edib. Solist Mahir Tağızadə Müslüm Maqomayevin “Odlar yurdu” əsərini xorun müşayiəti ilə səsləndirib.

Milli musiqi irsini və Zəfər qürurunu əks etdirən proqram tamaşaçılara unudulmaz anlar yaşadıb, sənətin insanları birləşdirən gücünü nümayiş etdirib.