QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nabranda fəaliyyət göstərən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Onun ürək çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Mərhumun cənazəsi bu gün Bakıdan Qubaya aparılacaq. Tahir Qədəşov ata yurdu olan İsnov kəndində torpağa tapşırılacaq.
Noyabrın 16-da onun rəhbərlik etdiyi “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunub. İstintaqın məlumatına əsasən, mərkəzin təmir və tikintisinə yönəldilən vəsaitlərin zərərçəkənlərə qaytarılması üçün kompleksin hərracda satılması barədə qərar verilib.
Qədəşovun kürəkəni və biznes ortağı, “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev 171 nəfərin 14 milyon manatdan artıq pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinib. O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə Daxili İşlər Nazirliyi Nabrandakı “Atlant” İstirahət və Əyləncə Mərkəzində karantin qaydalarının ciddi şəkildə pozulduğunu müəyyənləşdirib. Mərkəzin rəhbəri Tahir Qədəşov, onun qohumu Azər Qədəşov və qaydaların pozulmasına şərait yaratdığı bildirilən xidmət personalı müəyyən edilərək saxlanılıb.
İş üzrə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi açılıb. Maddə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına aiddir.
Mərkəzin rəhbərlərindən biri Azər Qədəşov barəsində Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. Saxlanılan digər şəxslər inzibati məsuliyyətə cəlb olunub və cərimələniblər.