QafqazNews Manset.az-a istinadən xəbər verir ki, dietoloq Lusiana Lança ürəyin sağlamlığını yaxşılaşdırmaq üçün gündəlik rasiona müəyyən qidaların əlavə olunmasını məsləhət görüb.

Onun qeyd etdiyi məhsullar arasında kartof, avokado, ispanaq, banan, lobya və kokos suyu var. Mütəxəssis kaliumlu qidaların qəbulunu artırmağın, natrium istehlakını isə azaltmağın ürək-damar sisteminə müsbət təsir etdiyini bildirib.

Lançanın sözlərinə görə, kalium əzələlərin yığılması, ürəyin işləməsi və qan təzyiqinin tənzimlənməsi üçün vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərin gün ərzində ən azı 3 510 milliqram kalium qəbul etməsini tövsiyə edir.

Dietoloq əlavə edib ki, kaliuma gündəlik tələbat hər kəsdə eyni olmaya bilər. Böyrək xəstəliyi olanlar və müəyyən dərmanlardan istifadə edənlər qəbul ediləcək mineral miqdarı barədə həkimlə məsləhətləşməlidirlər.