QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş vermiş insident nəticəsində türkiyəli hərbçinin həlak olması ilə bağlı araşdırma aparır. İlkin məlumatlarda atəşin İran istiqamətindən açılmış ola biləcəyi qeyd olunur.
Hadisə oktyabrın 31-də Türkiyənin cənub-şərqindəki Hakkari əyalətinin Yüksəkova rayonunda qeydə alınıb. Sərhədi qanunsuz keçməyə çalışan şəxslərə müdaxilə edən 7-ci sərhəd briqadasının hərbçiləri atəşə məruz qalıb.
Əsgər Yusuf Sait Yünlü ağır xəsarət alıb və helikopterlə Hakkari Dövlət Xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hərbçi doğulduğu Aydın əyalətinin Çine şəhərində torpağa tapşırılıb.
Türkiyə insidentdən sonra məhkəmə və inzibati araşdırmalara başlayıb. Noyabrın 3-də Türkiyə nümayəndələri hadisənin baş verdiyi sərhəd sahəsində İran rəsmiləri ilə görüş keçiriblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, İran hakimiyyəti də ölümün başvermə şəraitini araşdırır. Nazirlik bildirib ki, insidentin bütün məqamlarını müəyyənləşdirmək üçün işlər İran tərəfi ilə koordinasiyalı şəkildə davam etdirilir.