QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) media nümayəndələri üçün təlim keçirib. Görüşdə Mərkəzin fəaliyyəti, ölkədə akkreditasiya sisteminin inkişafı, əldə olunan nəticələr və gələcək hədəflər müzakirə edilib.
Tədbiri açan AzAK-ın direktoru Emin Zeynalov iştirakçıları salamlayıb və görüşün əhəmiyyətindən danışıb. O bildirib ki, akkreditasiya milli keyfiyyət infrastrukturunun vacib hissəsidir. Bu sistem məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və onların beynəlxalq miqyasda tanınmasının təminində əsas rol oynayır.
Zeynalov Mərkəzin dövlət siyasətinin həyata keçirilməsində iştirak etdiyini vurğulayaraq AzAK-ın əsas hədəflərini açıqlayıb. Bunlara akkreditasiya sisteminin beynəlxalq standartlara uyğun inkişafı, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyinin təsdiqlənməsi və ölkənin keyfiyyət infrastrukturunun daha da möhkəmləndirilməsi daxildir.
Görüşdə medianın əhəmiyyəti də qeyd olunub. Məlumatların ictimaiyyətə düzgün çatdırılması, açıq dialoq və məlumat mübadiləsinin təmin edilməsi, həmçinin akkreditasiya sahəsində maarifləndirmənin genişləndirilməsi AzAK-ın prioritetləri sırasında göstərilib.
Emin Zeynalovun sözlərinə görə, hazırda ölkədə qüvvədə olan akkreditasiya attestatlarının sayı 369-dur. Attestat sahibləri arasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırma qurumları və inspeksiya orqanları var.
Bildirilib ki, attestatların verilməsi müvafiq qurumların texniki səriştəsini təsdiqləyir. Bu, keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin bazarda təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.