QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin xidmətinin səviyyəsinə və uçuş təcrübəsinə görə iki beynəlxalq mükafata layiq görülüb. Aviaşirkət “2027 APEX Four-Star Major Airline” və “2027 APEX Best Cabin Service in Central & Southern Asia” mükafatlarını qazanıb.
Mükafatların qalibləri sərnişinlərin müstəqil qiymətləndirmələri əsasında müəyyənləşdirilir. APEX reytinqləri “Concur” şirkətinin “TripIt” platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim rəylərə əsaslanır. Sərnişinlər göyərtədəki xidmət, oturacaqların rahatlığı, yemək və içki, əyləncə sistemləri, eləcə də internetə çıxış imkanlarını qiymətləndirirlər.
Təltifetmə mərasimi 19 noyabr 2026-cı ildə Sinqapurda, “APEX FTE EXPO 2026” beynəlxalq aviasiya forumu çərçivəsində keçirilib. Forumda aviaşirkət və hava limanlarının, rəqəmsal texnologiyalar sahəsindəki qurumların nümayəndələri, həmçinin aviasiya sənayesinin aparıcı ekspertləri iştirak ediblər.
“APEX Four-Star Major Airline” mükafatı AZAL-ın ümumi sərnişin təcrübəsi üzrə yüksək nəticələrini əks etdirir. “Best Cabin Service in Central & Southern Asia” mükafatı isə Mərkəzi və Cənubi Asiyada təyyarə göyərtəsində xidmət sahəsində əldə olunan nailiyyətlərə görə verilib.
AZAL 2026-cı ildə “Skytrax World Airline Awards” mərasimində də “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” adına layiq görülüb. Yeni mükafatlar sərnişin xidmətlərinin keyfiyyətini artırmaq və beynəlxalq aviasiya bazarında mövqeyini gücləndirmək istiqamətində aviaşirkətin fəaliyyətini göstərir.