QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın enerji resursları və bərpaolunan enerji layihələri Avropa üçün ölkənin strateji əhəmiyyətini artırır. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanandan sonra Avropaya qaz ixracı 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatıb.

Həmin vaxt Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevə Azərbaycanın həm enerji təchizatının təhlükəsizliyi, həm də iqlim neytrallığı baxımından etibarlı tərəfdaş olduğunu bildirib. İlham Əliyev isə memorandumu gələcək üçün yol xəritəsi adlandırıb.

Azərbaycan hazırda 16 ölkəyə qaz satır; onların 10-u Aİ üzvüdür. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Rusiya enerji resurslarından imtina etməsi və təchizat kanallarını şaxələndirməsi Azərbaycanın alternativ və etibarlı tərəfdaş kimi rolunu gücləndirib.

Ölkənin Avropanın enerji sistemindəki əhəmiyyəti qazla məhdudlaşmır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgэж həyata keçirdiyi Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin təməli 2022-ci ildə dörd dövlət arasında bağlanan strateji tərəfdaşlıq sazişi ilə qoyulub.

Dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə sazişin imzalanması münasibətilə plenar iclas keçirilib. Toplantıda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Rumıniya Prezidenti Klaus Yohannis, Macarıstanın keçmiş baş naziri Viktor Orban, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Rumıniyanın Baş naziri Nikolaye Çuke sənədin əhəmiyyətini vurğulayıblar. Onlar Azərbaycanın və Prezident İlham Əliyevin Aİ ilə əməkdaşlığa açıq mövqeyini də yüksək qiymətləndiriblər.

İclasda çıxış edən İlham Əliyev Avropaya yeni enerji körpüsünün qurulmasına başlanıldığını deyib. Prezidentin sözlərinə görə, Azərbaycan Avropanın, ilk növbədə yaşıl enerji üzrə, mühüm elektrik enerjisi təchizatçısına çevrilməyi hədəfləyir. Ölkənin bərpaolunan enerji potensialı bu sahədə aparıcı rol üçün imkan yaradır.

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında noyabrın 12-də Avropa Siyasi Birliyinin Dublin Sammiti çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsi də enerji və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyət daşıyır. Müdafiə və təhlükəsizlik, təhsil və innovasiya ilə yanaşı, sənəddə ticarət, investisiya və artım məsələləri də yer alıb.

Bəyannaməyə əsasən, tərəflər bərpaolunan enerji, infrastruktur və xidmətlər daxil olmaqla prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı əlaqələri təşviq etməyi nəzərdə tuturlar. Həmçinin biznes əlaqələri vasitəsilə hər iki ölkədə iş yerlərinin, bacarıqların və dəyərin yaradılması, regional və beynəlxalq bağlantıların gücləndirilməsi, nəqliyyat-logistika layihələri və Orta Dəhlizin inkişafı dəstəklənəcək.

Noyabrın 18-də Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib. Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxış edən nazir Azərbaycanla Almaniyanın iqtisadi əlaqələrinin və enerji təchizatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib. O, bu əməkdaşlığın hər iki tərəfin enerji təsərrüfatı və iqtisadiyyatı üçün mühüm dəstək sayıldığını qeyd edib.

Vadeful Cənubi Qafqazı avropalılar üçün yeni imkanlar vəd edən region kimi xarakterizə edib. Onun sözlərinə görə, Almaniya bölgə ölkələri ilə əlaqələri inkişaf etdirmək, Azərbaycanın isə regionda aparıcı rolunu nəzərə almaq niyyətindədir. Nazir Rusiya-Ukrayna müharibəsi zamanı Avropanın enerji təchizatı ilə bağlı riskləri xatırladaraq, Azərbaycanı qitə üçün vacib tərəfdaşlardan biri adlandırıb.

Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə müxtəlif ölkələrin qazının Avropaya çatdırılmasında Azərbaycanın tranzit rolunu üzərinə götürməsi ölkənin qitənin enerji təhlükəsizliyindəki mövqeyini daha da gücləndirə bilər. Ümumilikdə, Azərbaycanın Aİ və region ölkələrinin enerji təhlükəsizliyindəki strateji əhəmiyyəti artır.