QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ssenari çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrinin daxil olduğu birgə qərargah bölgədən keçən strateji iqtisadi layihələrin, eləcə də regional enerji-kommunikasiya xətlərinin qorunması üçün əməliyyatlar hazırlayır.

Mümkün təhlükələr kompüter simulyasiya sistemləri ilə qiymətləndirilir, böhran zamanı qərarlar qəbul olunur. Təlimdə qoşun növləri ilə aidiyyəti dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyət də təşkil edilir.

Poliqonda iştirakçılar əməliyyat rayonunun təcrid olunması, pilotsuz uçuş aparatları ilə müşahidə aparılması, partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Hərbi bazaya hücumun qarşısının alınması, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan mühafizəsi, yanğınların söndürülməsi, həmçinin yaralıların təxliyəsi də məşq edilən fəaliyyətlər sırasındadır.

Təlimin məqsədi iştirakçıların birgə planlaşdırma və idarəetmə bacarıqlarını inkişaf etdirməkdir.