QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda 2060-cı ilə qədər bütün binalarda qazla işləyən isitmə sistemlərindən imtina edilməsi və istilik nasoslarına keçid nəzərdə tutulur. Hədəf Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əksini tapıb.
Sıfır emissiyaya nail olmaq üçün hökumət yaşayış və kommersiya binalarında enerji səmərəliliyinin artırılmasına dair geniş tədbirlər planlaşdırıb. 2022-ci ilin məlumatlarına görə, binaların payına ölkənin ümumi emissiyalarının 14 faizi, yaxud 10 milyon ton CO₂ ekvivalenti düşüb.
Qazla işləyən ənənəvi isitmə avadanlıqlarının əvəzinə “hava-su” tipli elektrik istilik nasoslarından istifadə dekarbonizasiyanın əsas vasitələrindən biri olacaq. Strategiyaya əsasən, 2060-cı ilədək istilik nasoslarının və elektrik mətbəx plitələrinin ölkədəki bütün binalarda tətbiq səviyyəsinin 100 faizə çatması qarşıya məqsəd qoyulub.
Enerji istehlakını azaltmaq məqsədilə həm mövcud binaların, o cümlədən sovet dövründə tikilmiş yaşayış evlərinin, həm də yeni tikililərin geniş şəkildə istilik izolyasiyası planlaşdırılır. Həmçinin ikiqat şüşəli pəncərələrin quraşdırılması, LED işıqlandırmaya tam keçid və yüksək enerji səmərəliliyi sinfinə aid məişət cihazlarından istifadə nəzərdə tutulur.