QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Green Energy Corridor Power Company” (GECO) “Yaşıl enerji dəhlizi” layihəsinə qarşılıqlı maraqlı layihə (Project of Mutual Interest) statusu verilməsi üçün Avropa Komissiyasına rəsmi müraciət ünvanlayıb. Müraciət Aİ-nin Enerji üzrə Trans-Avropa Şəbəkələri (TEN-E) Qaydalarına uyğun təqdim olunub.

Xəzər regionunda bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Avropa bazarlarına çatdırılması üçün nəzərdə tutulan marşrut Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək. Layihə Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli sabit cərəyan kabelini (HVDC) və əlaqəli yerüstü infrastrukturu əhatə edəcək.

GECO bildirib ki, PMI statusu layihənin Avropa İttifaqı və tərəfdaşları üçün strateji əhəmiyyətini təsdiqləyəcək. Bu status Aİ-nin dəstək mexanizmlərindən yararlanmağa, icazə proseslərini asanlaşdırmağa və layihənin həyata keçirilməsi zamanı investorların inamını artırmağa imkan verəcək.

Müraciət GECO-nun səhmdarları olan “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi Operatoru (Georgian State Electrosystem), Rumıniyanın “Transelectrica” və Macarıstanın “MVM” şirkətlərinin əməkdaşlığı ilə hazırlanıb.

Şirkət açıqlamasında tərəfdaşlara, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə, Avropa Komissiyasına və texniki məsləhətçilərə davamlı dəstəyə görə təşəkkür edib. GECO qiymətləndirmə prosesinin növbəti mərhələsini gözlədiyini və regionla Avropanın etibarlı, şaxələndirilmiş, karbonsuz enerji gələcəyi üçün işi davam etdirmək niyyətində olduğunu bildirib.

Təsdiqlənmiş plana əsasən, dəhlizin ümumi gücü 3,9 QVt olacaq. Sistem hər biri 1,3 QVt gücündə üç xətdən ibarət çoxterminallı HVDC ötürmə infrastrukturu kimi qurulacaq. Hər xətt üzrə Qara dənizin altından keçən kabelin təxminən 1 124 km uzunluqda və 2 200 metr dərinlikdə olması nəzərdə tutulur.

Marşrut Bakıda başlayacaq, Gürcüstandan keçərək Anakliya və Poti rayonlarında sahilə çıxacaq, Tbilisi və Tskaltubo istiqamətində davam edəcək. Daha sonra xətt Rumıniyada Konstansa və Buxarestdən keçərək Macarıstanın Albertirsa qovşağına çatacaq.

Layihə mərhələlərlə reallaşdırılacaq. Gücü 1,3 QVt olan ilk xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır; onun ildə 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisi ixrac etməsi gözlənilir. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xəttin 2036-cı ildə, Konstansada qəbul ediləcək üçüncü xəttin isə 2040-cı ildə işə düşməsi planlanıb.

2040-cı ilədək Xəzər regionundan Avropa İttifaqına illik bərpa olunan enerji tədarükünün 20 TVt/saata çatdırılması hədəflənir. Layihənin ümumi investisiya dəyəri təxminən 22,1 milyard avro qiymətləndirilir; bunun 14,3 milyard avrosu ötürücü infrastrukturun qurulmasına yönəldilməlidir.