QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu barədə COP31-də Azərbaycan pavilyonunda keçirilən sessiyada danışıb.

“Geniş miqyasda su təhlükəsizliyi – Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru” mövzusundakı sessiyada çıxış edən Babayev bildirib ki, ölkənin su ehtiyatlarının böyük hissəsi sərhədlərdən kənarda formalaşır. Bu səbəbdən transsərhəd əməkdaşlıq vacib əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasının içməli su təchizatı da yarımadadan kənar mənbələrə bağlıdır. Təchizat mənbələrinin şaxələndirilməsi uzunmüddətli dayanıqlığın əsas şərtlərindəndir.

Babayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı və Abşeronda su təchizatı, tullantı və yağış suları sistemlərinin inkişafını nəzərdə tutan 2026–2035-ci illər üzrə Dövlət Proqramı qəbul olunub. Proqram infrastruktur yatırımlarını sudan səmərəli istifadə və alternativ təchizat mənbələri ilə uzlaşdırır.

Nümayəndənin sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində ACWA Power şirkəti ilə icra edilən Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi bu yanaşmanın praktik nümunəsidir. Layihənin gündəlik istehsal gücünün 300 000 kubmetr içməli su olması planlaşdırılır.

Babayev bildirib ki, layihə Bakı və Abşeron üçün əlavə su mənbəyi yaradacaq və mövcud şirin su ehtiyatlarından asılılığı azaldacaq. O, bunun beynəlxalq əməkdaşlığın ölkənin iqlimə uyğunlaşma prioritetlərini dəstəkləyə biləcəyini göstərdiyini vurğulayıb.

Onun sözlərinə görə, dövlət ictimai ehtiyacı müəyyənləşdirir, özəl sektorun investisiyası və təcrübəsi isə infrastrukturun işə salınmasına şərait yaradır. Əsas məqsəd əhali üçün etibarlı və əlçatan su təminatıdır.

Babayev COP29-da iqlim maliyyələşdirilməsinin beynəlxalq fəaliyyətin mərkəzinə gətirilməsi üçün çalışdıqlarını xatırladıb. O, su qıtlığı həyati xidmətlərə və iqtisadi fəaliyyətə təhlükə yaratmamışdan əvvəl investisiya yatırılmasının vacibliyini qeyd edib.

Nümayəndə hökumətləri, biznes dairələrini və maliyyə institutlarını bu təcrübənin su qıtlığı yaşayan digər ölkələrdə oxşar layihələrin maliyyələşdirilməsinə necə kömək edə biləcəyini nəzərdən keçirməyə çağırıb. O, milli prioritetlərin maliyyələşdirilməsi və həyata keçirilməsinə dəstək verəcək tərəfdaşların vacibliyini vurğulayıb.

Babayevin sözlərinə görə, məqsəd dəyişən iqlimin təzyiqlərinə davam gətirən etibarlı su təchizatı yaratmaqdır.