QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xəzinədarlıq qurumları 1 milyon 110 mindən artıq ödəniş tapşırığını icra edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azdır.

Maliyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 82,4 milyon manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manata çataraq illik müqayisədə 2,1 faiz artıb. Xərclər 28 milyard 761,4 milyon manat olub ki, bu da əvvəlki ilin eyni dövründən 3,8 faiz çoxdur.

Yanvar-oktyabr aylarının yekununda icmal büdcədə 7 milyard 869,6 milyon manat, dövlət büdcəsində isə 4 milyard 808,2 milyon manat profisit qeydə alınıb. Dövlət büdcəsinin profisiti illik müqayisədə 21,3 faiz yüksəlib.

Gəlir mənbələri üzrə Dövlət Vergi Xidmətinin daxilolmaları 16 milyard 65,2 milyon manat təşkil edib və bir il ərzində 11,7 faiz artıb. Dövlət Gömrük Komitəsinin topladığı vəsait 5 milyard 613,5 milyon manat olub, bu göstəricidə artım 6,8 faizdir.

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manata yüksəlib; bu, 23,6 faiz artım deməkdir. Sair daxilolmalar 540 milyon manat təşkil edərək 12,2 faiz azalıb. Dövlət Neft Fondundan büdcəyə 10 milyard 697 milyon manat köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,3 faiz aşağıdır. Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 606,1 milyon manat olub və 13 faiz artıb.