QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev və sabiq müavini Azad Balayev barəsində məhkəmə prosesi başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun rəhbərliyi ilə keçirilən ilkin iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışının dekabrın 11-də keçirilməsi qərara alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat-istintaq tədbirləri zamanı İslam Vahid oğlu Rzayevin Balakən Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi müddətdə qulluq mövqeyindən yararlanaraq ona etibar olunan külli miqdarda özgə əmlakını mənimsəməsi və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Araşdırmaya əsasən, Rzayev vəzifədə olduğu dövrdə işsiz və aztəminatlı şəxslər üçün, eləcə də rayonda təmir-tikinti və abadlıq işləri məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyib. O, ayrılmış pulların təyinatı üzrə istifadəsini təmin etməməkdə, həmçinin vəzifəli şəxslərdən və sahibkarlardan rüşvət almaqda şübhəli bilinir.
DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi çərçivəsində İslam Rzayev saxlanılıb və Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb edilib.