QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 5-i axşam saatlarından 6-sı səhərədək Bakı, Abşeron yarımadası və bir sıra bölgələrdə güclü külək gözlənilir. Bununla əlaqədar sarı və narıncı xəbərdarlıqlar elan olunub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlıq qüvvədə olacaq. Həmin ərazilərdə şimal-qərb istiqamətli küləyin sürəti saniyədə 20,8-28,4 metrə çatacaq.
Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq verilib. Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı bildirilir.