QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə Bakı Şəhər BPİ DYP İdarəsi məlumat yayıb.

İdarənin açıqlamasında qeyd olunub ki, “Tofaş” markalı, 10-GU-380 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ü.Mirzəzadə qaydaları kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradıb. O, Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol hazırlanaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Ü.Mirzəzadə inzibati qaydada həbs olunub, nəqliyyat vasitəsini idarə etmək hüququ isə bir il müddətinə məhdudlaşdırılıb.