QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham edilən qızı Türkər Əliyevanın ev dustaqlığına buraxılması barədə qərardan protest verib. Protest artıq məhkəməyə təqdim olunub.
Prokuror ağır cinayətdə ittiham olunan mediatorun azadlıqda qalmasına etiraz edir. İstintaqdan yayınma və iş üzrə tərəflərə təsir göstərmə ehtimalları nəzərə alınaraq onun həbsə alınması tələb olunur.
Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
İş üzrə şikayətçi ehtiyatda olan general-mayor, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama əsasən, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə yardım edəcəyini bildirərək Rzayevdən külli miqdarda pul alıb.
Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi onun həbsinə dair təqdimatı təmin etməyib. Hakim qərar verərkən Əliyevanın təkbaşına böyütdüyü üç azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını, eləcə də dəymiş ziyanın bir hissəsinin ödənilməsini nəzərə alıb.