QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonunda səkkiz binanın sökülməsi və sakinlərin köçürülməsi nəzərdə tutulur. Binaların əsasən köhnə yataqxana tipli olduğu bildirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntü planına Kamil Balakişiyev, İsmayıl Məmmədov, Rizvan Teymurov və Məmmədəli Şərifli küçələrinin, eləcə də Babək prospektinin daxil olduğunu deyib.

Orucun sözlərinə görə, yenidənqurma layihələrinin bir qismi dövlət, digər qismi isə investorların maliyyəsi ilə həyata keçirilə bilər. Bəzi sahələrdə yaşayış binalarının inşası, başqa ərazilərdə isə park və yaşıllıq zonalarının yaradılması planlaşdırılır.

Onun ehtimalına əsasən, yaşayış sahələri üçün hər kvadratmetrə 2 000–2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 2 500–4 000 manat kompensasiya verilə bilər. V.Oruc bu məbləğlərin hələ yekun olmadığını, qiymətləndirmə və aidiyyəti dövlət qurumlarının qərarları ilə müəyyənləşəcəyini vurğulayıb.

Sakinlərə mənzil, yaxud pul təklif edilməsi layihənin xüsusiyyətindən asılı olacaq. Ərazidə yeni bina tikiləcəyi halda sakinlərə mənzil verilməsi, dövlət vəsaiti ilə alınaraq abadlaşdırılacaq sahələrdə isə pul kompensasiyası ödənilməsi nəzərdə tutulur.

Köçürülmə mərhələlərlə həyata keçiriləcək. İlk mərhələdə mənzillərin və sakinlərin sayı hesablanacaq, ardınca ayrı-ayrı binalar barədə qərarlar qəbul edilərək əhaliyə məlumat veriləcək. Söküntünün vaxtı və köçürülmənin şərtləri də həmin mərhələdə bəlli olacaq.