QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda bələdiyyələrin təxminən 27 illik fəaliyyəti və cəmiyyət üçün gördüyü işlər yenidən müzakirə mövzusuna çevrilib. Tənqidlərə səbəb 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatında tətbiqi gözlənilən qaydalar çərçivəsində bu qurumlara həvalə olunması planlaşdırılan funksiyalardır.

Məqalədə bildirilir ki, bələdiyyələrdən ev təsərrüfatlarında toyuq və digər heyvanların sayını, yumurta istehsalını, süd və yun miqdarını qeydə almaları gözlənilir. Bu vəzifənin yerli özünüidarəetmə orqanlarının əsas işindən uzaq olduğu, onların fəaliyyətini sadə uçotla məhdudlaşdırdığı vurğulanır.

Müəllifin fikrincə, məhsul həcmlərinin qeydiyyatı kənd təsərrüfatında istehsalı artırmayacaq. Fermerlərin subsidiyalar, yanacaq, gübrə və texnika ilə təminatı, su çatışmazlığının aradan qaldırılması, eləcə də məhsulun bazara daşınmasındakı çətinliklərin həlli kimi məsələlərin önə çəkilməli olduğu qeyd edilir.

Mətndə belə uçotun dəqiq nəticə verməyəcəyi də irəli sürülür. Kəndlilərin yoxlamaları vergi, əlavə ödəniş və ya məhdudiyyətlə əlaqələndirə biləcəyi, buna görə məlumatların təxmini və ya qeyri-dəqiq təqdim olunacağı bildirilir. Nəticədə hesabatlarda rəqəmlərin reallığı əks etdirməməsi ehtimalı qeyd olunur.

Qanunvericiliyə əsasən, bələdiyyələr yerli əhəmiyyətli məsələləri həll edən müstəqil özünüidarəetmə orqanlarıdır. Məqalədə isə onların praktikada yerli icra hakimiyyətlərinin təsiri altında qaldığı və əhalinin problemlərindən uzaqlaşdığı iddia olunur. Yerli yolların abadlaşdırılması, tullantıların idarə edilməsi, sosial layihələr, uşaq meydançaları və yaşıllıqlar bələdiyyələrin əsas fəaliyyət istiqamətləri kimi sadalanır.

Yazıda aqrar sahənin inkişafı üçün nəzarət tədbirlərindən çox, fermerlərə dəstək mexanizmlərinin vacibliyi vurğulanır. Bələdiyyələrin təsərrüfat məhsullarını saymaqla məşğul olmasının kənd təsərrüfatında irəliləyişə səbəb olmayacağı, əvəzində bürokratik yükü artıra biləcəyi qənaəti ifadə edilir.