QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Bakıda “Senior Project Administrative Assistant” vəzifəsi üçün vakansiya elan edib. Bu, baş layihə üzrə inzibati assistent vəzifəsidir.
İşçi Azərbaycan və Qazaxıstanda əməyin təhlükəsizliyi və mühafizəsi, eləcə də əmək müfəttişliyi sistemlərinin gücləndirilməsini hədəfləyən layihədə çalışacaq. Seçilən namizəd inzibati-təşkilati məsələləri, tədbir və ezamiyyətlərin planlaşdırılmasını, sənədləşməni, büdcə və ödənişlərə nəzarət etməyi, hesabatların hazırlanmasını həyata keçirəcək.
Vəzifənin illik əməkhaqqı 66 181 manatdır. İş 2027-ci il fevralın 1-də başlayacaq və 16 həftə davam edəcək.
Namizədlərdən orta təhsil, inzibati sahədə müvafiq hazırlıq və bu istiqamətdə minimum altı illik təcrübə tələb olunur. Rəhbərlik təcrübəsi, Azərbaycan və ingilis dillərini mükəmməl bilmək vacibdir. Rus dilini bilənlərə üstünlük veriləcək.
Müraciət edənlər Microsoft Word, Excel və PowerPoint proqramlarından istifadə etməli, maliyyə, satınalma, sənədləşmə və inzibati prosedurlar üzrə biliklərə sahib olmalıdırlar. Həmçinin yüksək iş yükü və vaxt məhdudiyyəti şəraitində işləmək bacarığı tələb edilir.
Vakansiya üçün müraciətlər BƏT-in rəsmi işə qəbul portalında 11 dekabr 2026-cı ilədək qəbul ediləcək. Xarici ölkə vətəndaşlarının müraciət etmək üçün Azərbaycanda qanuni yaşamaq və işləmək hüququ olmalıdır.