QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la “Barselona”nın qarşılaşması öncəsi İspaniya klubu oyunla bağlı məlumat yayıb.

Klubun rəsmi saytında Bakıda keçiriləcək görüş barədə azarkeşlərin diqqətinə beş məqam çatdırılıb. “Barselona” tarixində ilk dəfə Azərbaycan klubuna qarşı meydana çıxacaq.

Kataloniya təmsilçisinin Bakıya səfəri onun Avropa turnirlərindəki ən uzun səfəri olacaq. Məsafə 3 970 kilometrdir. Bununla əvvəlki rekord, Kazanda “Rubin”lə oyunlar üçün qət edilən 3 725 kilometr geridə qalacaq.

Azərbaycanla bağlı xoş xatirələri olan futbolçulardan biri Entoni Qordondur. İngiltərəli cinah oyunçusu ötən mövsüm “Nyukasl Yunayted”in heyətində “Qarabağ”a qarşı oynayıb və ilk hissədə dörd qol vurub. İndi o, bu nəticəni “Barselona”da da göstərməyə çalışacaq.

“Sabah” ölkə çempionatının ev oyunlarını 9 min tamaşaçı tutumlu “Bank Respublika Arena”da keçirir. Çempionlar Liqası görüşləri isə təxminən 70 min nəfərin yerləşə bildiyi Bakı Olimpiya Stadionunda baş tutur. Ölkənin ən böyük arenası 2021-ci ildə bir neçə dövlətdə təşkil olunan Avropa çempionatının dörd matçına ev sahibliyi edib.

“Sabah”ın heyətində əvvəllər “Barselona”nın aşağı yaş qruplarında çıxış etmiş iki futbolçu olub. Hər ikisi 2021-ci ilin yayında transfer edilib. Onlardan Kristian Sebalyos 2021-2024-cü illərdə Azərbaycan klubunda oynayıb. Digər futbolçu Xuan Kamara hazırda Andorranın “İnter Eskaldes” komandasında çıxış edir.

“Sabah” – “Barselona” matçı sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.