QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlara maraq göstərdiyi barədə açıqlaması Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ətrafında müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Turan Rzayev bildirib ki, Tramp noyabrın 19-da “Fox News”a verdiyi müsahibədə İranın nüvə proqramı ilə yanaşı, kimyəvi qazlar və bioloji vasitələrlə də maraqlandığını söyləyib.

Rzayevin fikrincə, ABŞ və İran arasında gərginlik davam etdiyi müddətdə belə bəyanatların səslənməsi təsadüfi deyil. O hesab edir ki, kimyəvi və bioloji silah iddialarının irəli sürülməsi Vaşinqtonun İrana qarşı ciddi addımlara hazırlaşması, yaxud Tehranı qorxutmaq niyyəti ilə bağlı ehtimalları gücləndirir.

Politoloq vurğulayıb ki, Tramp indiyədək səsləndirdiyi iddiaları konkret sübutlarla təsdiqləməyib. Bununla belə, onun ritorikasının ABŞ-ın xarici siyasətində daha əvvəl görünən yanaşmaya bənzədiyini qeyd edib.

Rzayev 2003-cü ildə İraqa müdaxilədən əvvəl Vaşinqtonun Səddam Hüseyn hakimiyyətini kütləvi qırğın silahlarına sahib olmaqda ittiham etdiyini xatırladıb. ABŞ həmin dövrdə İraqın kimyəvi və bioloji silah ehtiyatlarının beynəlxalq təhlükə yaratdığını bildirir, bunu hərbi müdaxilə üçün əsaslardan biri kimi göstərirdi.

Lakin İraq Araşdırma Qrupunun sonrakı hesabatında ölkədə iddia olunan kütləvi qırğın silahı ehtiyatlarının mövcudluğu təsdiqlənmədi. Buna baxmayaraq, ABŞ İraqa müdaxilə etdi və Səddam Hüseyn hakimiyyətdən uzaqlaşdırıldı.

Politoloqun qənaətincə, İranla bağlı oxşar ritorikanın yenidən səsləndirilməsi Tehrana qarşı hərbi-siyasi təzyiqi artırmağa xidmət edə bilər. O düşünür ki, Trampın indiki məqsədi İranı geri çəkilməyə vadar etmək, təzyiqi gücləndirmək və mümkün hərbi addımlar üçün siyasi zəmin yaratmaqdır.

Rzayev hesab edir ki, bu cəhdlər nəticəsiz qalarsa, İrana müdaxiləyə əsas yaratmaq üçün səsləndirilən iddialar daha ciddi xarakter ala bilər.