QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanın real ÜDM-nin 2026-cı ildə 1,7 faiz artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabrında yayımladığı “Dünya İqtisadi Perspektivləri” hesabatında ölkə bu göstərici ilə 191 dövlət arasında 144-cü yerdə göstərilib. Proqnozlaşdırılan artım dünya üzrə orta göstəricidən — 3,1 faizdən aşağıdır.
BVF-nin qiymətləndirməsinə görə, gələn il ən yüksək iqtisadi artım Qayanada qeydə alınacaq: real ÜDM-in təxminən 25 faiz yüksələcəyi bildirilir. Artım göstəricilərinə görə ilk üçlükdə Tayvan və Cənubi Sudan da var. Cənubi Sudan üçün 10,5 faizlik artım proqnozlaşdırılıb.
Qayananın sürətli böyüməsi dənizdə yerləşən neft yataqlarında hasilatın artması ilə əlaqələndirilir. Fond 2026-cı ildə ölkədə xam neft istehsalının bir il əvvəlki səviyyəni təxminən 25 faiz üstələyəcəyini gözləyir. Tayvanda isə süni intellekt sahəsinin genişlənməsi və qabaqcıl çiplərə tələbatın yüksəlməsi iqtisadi artımı dəstəkləyir.
Hörmüz boğazında dəniz nəqliyyatında yaranmış çətinliklər bəzi Körfəz ölkələrinin iqtisadiyyatına mənfi təsir edib. Neft və qaz ixracından asılı olan İraq, Qətər və Bəhreyndə 2026-cı il üçün ikirəqəmli geriləmə gözlənilir. İraq iqtisadiyyatının 16 faiz, Qətərin 15,6 faiz, Bəhreynin isə 11,3 faiz kiçiləcəyi proqnozlaşdırılır.
Böyük iqtisadiyyatlar arasında Hindistanın 7 faizlik artımla G20 ölkələrinin lideri olacağı gözlənilir. İndoneziya üçün 5,1 faiz, Çin üçünsə 4,5 faiz artım nəzərdə tutulur.
G7 ölkələrinin heç birində artımın qlobal orta səviyyəyə çatacağı gözlənilmir. ABŞ üçün 2,3 faiz, Almaniya və Böyük Britaniya üçün ayrı-ayrılıqda 1,3 faiz, Kanada üçün 1,1 faiz, İtaliya üçün 0,8 faiz, Yaponiya üçün 0,7 faiz, Fransa üçün isə 0,4 faiz artım proqnozlaşdırılır.
BVF-nin proqnozunda 2026-cı il üzrə qlobal iqtisadi artım 3,1 faiz göstərilir.