QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçmiş rəhbəri Raqif Abbasov və həmin qurumun maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Eldəniz Qulamovun müdafiəçisi çıxış edib. Vəkil bildirib ki, müvəkkili dövlət qulluqçusu kimi rəhbərliyin tapşırıqlarını yerinə yetirib və onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Raqif Abbasovun müdafiəçisi də təqsirləndirilənin günahsız olduğunu qeyd edərək məhkəmədən bəraət hökmü çıxarmağı xahiş edib.

Təqsirləndirilənlərə son söz verilsə də, hazır olmadıqlarını bildirərək çıxış etmək üçün vaxt istəyiblər. Növbəti məhkəmə iclası dekabrın 2-nə təyin olunub.

Ötən iclasda prokuror hər iki təqsirləndirilən şəxsə ayrı-ayrılıqda 12 il həbs cəzası verilməsini təklif etmişdi.

Raqif Abbasov və Eldəniz Qulamov təxminən 1 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü — xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham irəli sürüb. Hər iki şəxs barəsində həbs nəzərdə tutmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş tərəf Gənclər və İdman Nazirliyi tanınıb.