QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakıda 50 qəpikdən 1 manata qədər qiymətə qida satan ayaqüstü iaşə məkanlarının çoxalması müzakirələrə səbəb olub. Aşağı qiymətlər müştərilərin marağını cəlb etməklə yanaşı, bu obyektlərin artma səbəbi və təqdim olunan yeməklərin keyfiyyəti barədə suallar yaradıb.
İqtisadçı Fuad İbrahimov bildirib ki, ayaqüstü yeməkxanalar və ucuz qida təklif edən məkanlar yeni yaranmayıb, belə xidmətlər əvvəllər də mövcud olub. Onun sözlərinə görə, sovet dövründə də insanlar oturmaq imkanı olmayan qəlyanaltı yerlərində tez yemək yeyib yollarına davam edirdilər. Ucuz obyektlər və bahalı restoranlar isə fərqli müştəri qruplarına xidmət göstərir.
İbrahimov vurğulayıb ki, ayaqüstü dönər və ya tez hazırlanan yemək alan hər kəsi maddi çətinliklə üzləşən şəxs kimi qiymətləndirmək düzgün deyil. Bəzi restoranlar oturmaq və daha rahat şərait təklif etsə də, qiymətləri ayaqüstü məkanlardan aşağı ola bilər. O, sosial şəbəkələrdəki rəqabətin sərfəli yemək dəstlərinin təklifini artırdığını, tanınmış şəbəkələrin də öz daimi müştərilərinin olduğunu qeyd edib.
İqtisadçının fikrincə, münasib qiymətə sürətli yemək seçimi əsasən vaxta qənaət etmək istəyindən irəli gəlir. Bu, həm gənclərə, həm də yaşlılara aiddir. İmkanlı şəxslər də işdən ayrılmamaq üçün naharda yüngül yemək yeyib fəaliyyətini davam etdirə bilər.
Fuad İbrahimov əsas diqqətin qidanın keyfiyyətinə, təhlükəsizliyinə və istifadə olunan ərzaqların qaydalara uyğunluğuna yönəldilməli olduğunu bildirib. Onun sözlərinə görə, bütün iaşə obyektlərində — qiymət və xidmət səviyyəsindən asılı olmayaraq — eyni standartlar və tələblər qüvvədə olmalı, sanitar-gigiyena qaydalarına nəzarət edilməlidir. İqtisadçı bazarda müxtəlif qiymət və xidmət seqmentlərinin gələcəkdə də qalacağını, fərqlərin isə artacağını deyib.