QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda yeni iş yerlərinin bölgüsü ilə bağlı açıqlanan rəsmi statistikaya münasibət bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr ayları üçün açıqlanan göstəricilər regionların iqtisadi vəziyyəti baxımından narahatlıq yaradır.

Cəfərli qeyd edib ki, hesabat dövründə ölkə üzrə yaradılan 79,5 min yeni iş yerinin 77,3 faizi, yəni təxminən 61,5 mini Bakıda açılıb. İkinci yerdə olan Abşeron rayonunun payı isə 6,6 faiz təşkil edib.

İqtisadçı bildirib ki, yeni iş yerlərinin ümumilikdə 84 faizi Bakı-Abşeron ərazisində yaradılıb, paytaxtdan kənar ərazilərdə isə təxminən 18 min iş yeri açılıb. O, regionların inkişafı üçün dörd proqram qəbul edildiyini və son 25 ildə bu bölgələrə 120 milyard manat sərmayə yatırıldığını xatırladaraq, nəticələrin yetərli olmadığını vurğulayıb.

Cəfərlinin qənaətinə görə, Bakıda yaranan sıxlığın başlıca səbəbi iş imkanlarının, sosial və mədəni həyatın Bakı-Abşeron aqlomerasiyasında cəmlənməsidir. O, mövcud vəziyyət davam edərsə, 10 ildən sonra regionların tamamilə boşala biləcəyini bildirib və bunun iqtisadi-sosial məsələ olmaqla yanaşı, ciddi təhlükəsizlik riski yaratdığını qeyd edib.