QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə etiraz edən 46 vətəndaş cəmiyyəti təşkilatının çağırışlarına münasibət bildirib. Təşkilatlar Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və digər ölkələri təmsil edir və ATƏT iştirakçılarını Azərbaycanın sədrliyinə imkan verməməyə çağırıb.
Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu vaxt sədr seçilməsi prosesini xatırladıb. Onun sözlərinə görə, həmin seçkidə Azərbaycanın rəqibləri Macarıstan və Sloveniya olub, Nyu-Yorkda səsvermə iki gün davam edib.
Sabiq nazir qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək qazanmaq üçün səfirliklər müxtəlif ölkələrdə iş aparıb, özü isə səsvermədən əvvəl təxminən iki il ərzində ölkə paytaxtlarına səfərlər edib. O, dövlət rəhbərləri və həmkarları ilə görüşlərdə Azərbaycanın dəstək alacağı halda hansı istiqamətdə çalışacağını izah etdiyini, BMT-yə üzv dövlətlər üçün proqram təqdim olunduğunu bildirib.
Məmmədyarov ATƏT sədrliyi üzrə səsvermə ərəfəsində paytaxtlarda oxşar işlərin görülüb-görülmədiyinə dair məlumatı olmadığını deyib. O, 46 ölkənin səs verməməsi ehtimalını da qeyd edib.
Keçmiş nazirin fikrincə, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi məlumat verməlidir. Sədrliyə namizəd ölkə əvvəlcədən proqram hazırlamalı və seçiləcəyi təqdirdə fəaliyyətini hansı istiqamətdə quracağını açıqlamalıdır. Məmmədyarov vurğulayıb ki, ATƏT üzvü olan ölkələrin Azərbaycana səs verməsi onun sədrliyi dövründə görəcəyi işləri anladıqlarını göstərər.