QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Rabitəbank”ın Visa-nın dəstəyi ilə keçirdiyi “Rabitabank Gaming League” turniri final tədbiri ilə başa çatıb. On gün davam edən yarışda 207 kapitan komandaları ilə iştirak edib. İlk səkkiz gün oyunlar onlayn, son iki gün isə əyani formatda keçirilib.
22 noyabr 2026-cı ildə “Elektra Events Hall”da təşkil olunan final oyun və əyləncə tədbirləri ilə müşayiət edilib. Turnir boyu komandaların nümayiş etdirdiyi yüksək səviyyəli oyun və rəqabət final mərhələsində də davam edib.
“Counter-Strike 2” (CS2) üzrə yarımfinal və final görüşlərində iştirakçılar taktiki hazırlıqlarını, sürətli qərarvermə bacarıqlarını və komanda oyununu nümayiş etdiriblər. Mübarizənin nəticəsinə görə “ByTelecom” birinci yeri tutaraq çempion olub. “Take Control” ikinci, “IOWA” isə üçüncü yeri qazanıb.
Final tədbirində “Cosplay” müsabiqəsi, yaradıcı obrazların təqdimatı, müxtəlif hədiyyə oyunları və baş mükafatı “PlayStation 5” olan “Giveaway” də keçirilib.
“Rabitəbank” layihə ilə gənclərin maraqlarına uyğun təşəbbüsləri dəstəkləməyi, ölkədə kibersport mədəniyyətinin inkişafına töhfə verməyi, oyun həvəskarları üçün ünsiyyət və rəqabət imkanı yaratmağı qarşıya məqsəd qoyub.
1993-cü ildən fəaliyyət göstərən “Rabitəbank” ASC müştərilərinə “Rahat bankçılıq” konsepsiyası çərçivəsində maliyyə xidmətləri göstərir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Onun əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı Əliyev Rauf Zeynal oğludur.
Bankın Bakı və 19 region üzrə 32 xidmət məntəqəsi, 79 ATM-i var. Müştərilərə “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi vasitəsilə xidmət göstərilir.