QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov yerli bazarın ölçüsü nəzərə alınaraq ixraca əsaslanan inkişafın sürətləndirilməsini strateji vəzifə adlandırıb. O, bunu parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, əmtəə ixracı subsidiya və digər dəstək mexanizmləri ilə fəal şəkildə təşviq olunur. Bu istiqamətdə başlıca hədəf yerli resurslardan istifadə edən metallurgiya, kimya, əczaçılıq, qida və pambıq emalı, eləcə də toxuculuq sahələridir.
Cabbarov qeyd edib ki, 2026-cı ildə qəbul olunmuş üç Dövlət Proqramında kənd təsərrüfatı, turizm, dağ-mədən və metallurgiya sahələri yer alıb və həmin istiqamətlərin bir çoxu proqramlarla əhatələnib.
O, xidmət ixracının da geniş imkanlara malik olduğunu vurğulayıb. Beynəlxalq təşkilatların hesablamalarına əsasən, xidmət ixracının ÜDM-də payını yuxarı-ortagəlirli ölkələrin səviyyəsi ilə müqayisədə artırmaq üçün əhəmiyyətli potensial var.
Bu potensial nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, biznes xidmətləri, informasiya texnologiyaları və data mərkəzləri ilə bağlıdır. Nazir əlavə edib ki, xidmət ixracının artırılması üçün beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu iş aidiyyəti dövlət qurumlarının sahə siyasətləri ilə sıx bağlıdır.