QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Cambridge” lüğəti 2026-cı ilin sözü kimi “human” (insan) ifadəsini müəyyənləşdirib.

Lüğətin leksikoqrafı Kolin Makintoşun fikrincə, süni intellekt insan olmağın mənası barədə müzakirələrin məcrasına təsir edib. O, insan mahiyyəti ilə bağlı marağın yüksəlməsinin dövrün ruhunu ifadə etdiyini və bu səbəbdən “human” sözünün seçildiyini bildirib.

Makintoş qeyd edib ki, düşünmə işini başqa vasitələrə tapşırmağın mümkün nəticələrindən doğan narahatlıq süni intellektə göstərilən etibara yenidən nəzər salmağa vadar edir. Leksikoqrafın sözlərinə görə, bu mövzu ən yüksək səviyyədə çalışan riyaziyyatçılardan tutmuş azyaşlı uşaqlara dərs deyən müəllimlərədək müxtəlif çevrələrdə müzakirə olunur.

“‘Human’ sözünün ənənəvi tərifi insanları tanrılardan, heyvanlardan və son dövrlərdə isə maşınlardan fərqləndirir”, – deyə Makintoş bildirib.