QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev İrəvanda Göy məscidin erməni şairin adı ilə adlandırılmasını şərh edib və buna cavab olaraq Bakıda erməni kilsəsinin adının dəyişdirilməsini təklif edib.

Verdiyevin sözlərinə görə, İran hakimiyyətinin və Ermənistan xüsusi xidmət orqanlarının mahiyyəti bəllidir və onlardan ədalətli davranış gözləmək olmaz. O, hər iki tərəfi tanıdıqlarını bildirib.

Ekspert qeyd edib ki, Göy məscidin İran vasitəsilə fars memarlığı üslubunda təmir olunması, daha sonra isə erməni şairin adı ilə adlandırılması Azərbaycana qarşı yönəlmiş addımdır. Onun fikrincə, bu, cavabsız qalmamalı, lakin məscidin adının dəyişdirilməsi Ermənistanı problemlərindən qurtarmayacaq, Zəngəzur dəhlizinin açılmasına və Qərbi Azərbaycana qayıdışa mane olmayacaq.

Verdiyev Azərbaycanın cavab addımları ata biləcəyini deyərək Bakının mərkəzindəki erməni kilsəsinə “YAŞMA”, yerləşdiyi küçəyə isə general Hikmət Mirzəyevin adının verilməsini təklif edib. O, ölkəyə gələn şəxslərin bir qisminin həmin kilsəyə aparılmasının da mümkün olduğunu bildirib.

Ekspert bu halda beynəlxalq təşkilatların nümayəndələrinin Hikmət Mirzəyev küçəsində yerləşən “YAŞMA” adlı kilsəni ziyarət etməsi barədə xəbərin yayıla biləcəyini qeyd edib.