QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deputat Zahid Orucun qlobal korporasiyaların Azərbaycana cəlbi üçün xüsusi hökumət proqramı hazırlanması təklifini tənqid edib. Məsələ Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı gündəmə gəlib.

Oruc çıxışında Qazaxıstan və Özbəkistanda xarici kapitalla çalışan müəssisələrin sayını nümunə göstərib. Onun sözlərinə görə, Qazaxıstanda xarici və birgə mülkiyyətli müəssisələrin sayı 65,5 mini ötüb. Özbəkistanda isə xarici kapitalın iştirak etdiyi müəssisələrin sayı 22 mindən çoxdur. Daşkənddə sənayedə 4 mindən, informasiya-kommunikasiya texnologiyaları sahəsində isə 1 800-dən artıq belə müəssisə fəaliyyət göstərir. ABŞ-nin “J.P. Morgan” və “Citibank”, Almaniyanın “Commerzbank” maliyyə qurumlarının da şəhərdə nümayəndəlikləri var.

Deputat dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi təmsilçiliyini təmin etmək üçün hökumətin xüsusi fəaliyyət proqramı hazırlamasını təklif edib.

Cəfərli sosial şəbəkədəki paylaşımında bu yanaşmanı bəsit sayıb. O bildirib ki, iri şirkətlər ölkələri araşdırır və Azərbaycan barədə məlumatsız olduqları üçün deyil, başqa səbəblərə görə ölkəyə gəlmirlər. İqtisadçı, həmçinin, investorların hökumət proqramı gözlədiyi fikrini tənqid edib.

Onun fikrincə, qlobal şirkətlərin araşdırma bölmələri ölkələrdəki vəziyyəti hökumət mərkəzlərindən daha peşəkar təhlil edir. Cəfərli qeyd edib ki, investorları ölkəyə cəlb etmək üçün formal proqramlardan daha çox idarəetmə fəlsəfəsinin, vergi və gömrük sistemlərinin dəyişməsi, eləcə də ədalətli və çevik məhkəmə sisteminin qurulması vacibdir.

İqtisadçı bildirib ki, Qazaxıstanda investorlar üçün ingilis dilində ayrıca iqtisad məhkəmələri yaradılıb, Özbəkistanda isə biznesə kənar müdaxiləyə görə ağır cəzalar nəzərdə tutulub.