QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Əbu-Dabidə rusiyalı MMA döyüşçüləri Usman və Ömər Nurməhəmmədovların da adının çəkildiyi kütləvi dava ilə əlaqədar məhkum olunmuş səkkiz nəfər həbsdən azad edilib.
Bu barədə Əbu-Dabi Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb. Cinayət məhkəməsi əvvəlki hökmləri dəyişdirərək səkkiz nəfərin hər birinə 150 min dirhəm, yəni təxminən 70 min manat cərimə kəsib.
Qərar dava iştirakçılarının bir-birindən şikayətçi olmamaq barədə razılığa gəlməsi və zərərçəkmiş şəxsin məhkumların azad edilməsi üçün Əbu-Dabi hakimiyyətinə müraciət etməsindən sonra verilib.
Hadisə “Real American Freestyle” (RAF) təşkilatının Əbu-Dabidə təşkil etdiyi media günü baş verib. Merab Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov və onun yanında olan şəxslər gürcüstanlı idmançının yanına gəliblər. Ardınca tərəflər arasında dava düşüb, görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə ilə bağlı daha əvvəl 10 nəfər məhkum edilmişdi. Onlardan səkkizinə həbs, digər ikisinə isə cərimə cəzası verilmişdi.