QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakı, Sumqayıt və Abşeronda məktəblərdə şagird sıxlığının səbəblərinə toxunub. O, bunu əhalinin həmin ərazilərə köçməsi və valideynlərin məktəb seçimi ilə əlaqələndirib.

Nazir müavini bildirib ki, bəzi hallarda yaxınlıqdakı məktəbdə sıxlıq az olsa da, valideynlər uşaqlarını ora göndərmirlər. “Mənim uşağım mütləq hansısa sinifdə və məktəbdə oxumalıdır. Ola bilər qonşu məktəbdə daha az sıxlıq var, amma ora uşağını göndərmir”, – deyə Kərimzadə qeyd edib.

O, məsələnin müəyyən qədər mübahisəli olduğunu söyləyərək, son illər Bakı, Abşeron və Sumqayıtda sıxlığın aradan qaldırılması üçün tədbirlər görüldüyünü, yeni məktəblərin tikildiyini vurğulayıb.

Kərimzadə bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən deputatların sualını cavablandırarkən səsləndirib.